Almaniyanın plombu yaxşıdır yoxsa Amerikanın
Salam, dostlar ! Sizinlə mən stomatoloq Nizami Abbasov və Dentify Dental Vlog kanalıdır.
Hər bir diş həkimi həyatında heç olmasa bircə dəfə də olsun pasiyentdən belə bir sual eşidir – Həkim, haranın plombu yaxşıdı, Almaniyanın yoxsa Amerikanın ? Yaxud – Sizdə haranın plombudu, hansından qoyursuz ? Sual nə qədər sadə görünsə də intriqa yaradan bir sualdır. Əksər hallarda həkimləri qıcıqlandırır, pasiyentləri isə haqlı olaraq dişlərinə qoyulacaq plombun keyfiyyəti narahat edir. Elə bu səbəbdən bu gün bu suala birdəfəlik aydınlıq gətirmək istəyirəm.
Əvvəlcə ondan başlayaq ki, dişə qoyulan bir plombun uzunömürlülüyü, yekun olaraq keyfiyyətli olub-olmaması digər restavrasiyalar kimi bir neçə faktordan asılıdır.
1ci – bərpa olunacaq dişin vəziyyəti. Əgər diş çox dağılıbsa, ora m400 beton da töksək, yenə qısa müddətdə sıradan çıxacaq. Amma kiçik bir kariesi olan dişi düzgün plomblayanda uzun illər keyfiyyətini itirmir, diş də sağlam qalır. Əslində burda da gizli məqamlar var, amma bu barədə başqa vaxt.
2ci – seçilən plomb materialının növü. Hazırda stomatoloji şirkətlər hər vəziyyət üçün fərqli materiallar istehsal edirlər. Stomatoloqun ixtiyarında həm axıcı, həm sərt, həm ön dişlər üçün estetik, həm arxa dişlər üçün çeynəmə təzyiqinə davam gətirə biləcək plomb materialları var. Situasiyaya uyğun düzgün seçilmiş plomb materialı ilə gözəl nəticələr almaq mümkündür.
3cü – plombun qoyulma texnikası – həkimin peşəkarlığı. Bir plombun keyfiyyətli olub olmaması ciddi bir surətdə həmin plombun qoyulma texnikasından asılıdır. Dişi restavrasiya etmək – yəni onun itirilmiş hissələrini, estetik görünüşünü , funksiyasını bərpa etmək – təkcə çoxlarının düşündüyü kimi “ dişi deşif oranı şpaklyofkalamax” deyil. Bu iş icraçıdan bəlli peşəkarlıq, bilik və bacarıq, təcrübə tələb edir. Və bu məqamda hansı dişə necə yanaşmağı, hansını haradan, necə yonub, hansı plombu, dişin harasına necə qoyacağını yalnız peşəkar stomatoloq bacarır. Və işin həm də məsuliyyətli hissəsi bütün bu işləri öz yerində, yüksək səviyyədə yerinə yetirməkdir. Hansısa bir hissədə axsama olsa, dərhal yekun nəticəyə təsir edəcək.
Bəs Almaniya, yoxsa Amerika ?
Hazırda həm Almaniya, həm Amerika eləcə də Yaponiya stomatoloji materiallar, avadanlıqlar bazarında böyük söz sahibidirlər. Hər bir saydığım ölkədən dünyaca məşhur dental firmalar çıxıb. Bu ölkələrin istehsal etdiyi materiallar əksər hallarda yüksək standartlara cavab verir. Həmin firmaların böyük elmi-tədqiqat mərkəzləri, laboratoriyaları və ən müasir avandanlıqlarla təchiz olunmuş zavodları var. Stomatologiyada yeni nəsə bir şey ixtira olunanda, adətən saydığım bu 3 ölkədən birindən çıxır. Amma...
İcraçı yoxsa vasitə ?
Burda bir əmma var. Yaddan çıxartmayaq ,dostlar – bütün saydığımız materiallar, avadanlıqlar, texnikanın son sözü yekunda sadəcə bir vasitədir. Pasiyentlərin ağız sağlamlıqlarını bərpa etmək üçün vasitələr. Savadlı, bacarıqlı, peşəkar icraçı – yəni stomatoloq olmasa, bu vasitələrin heç biri bir işə yaramır. Belə bir vəziyyət təsəvvür edin : vaz 2106 sürən təcrübəli F1 pilotu və Ferrari sürən təcrübəsiz bir sürücü. Bir yarış trekində kim qalib gələr ? Əlbəttə təcrübəli professional pilot. Baxmayaraq ki sadəcə vaz 2106 sürür. Və ya ayda – ildə bir dəfə velosiped sürən birinə qiyməti 15000 dollar olan karbon çərçivəli yarış velosipedi verin. Və illərin professional veloidmançısına adi Sədərək malı 150 manatlıq bir Çin istehsalı velosiped verin. 10 kmlik bir məsafəni hansı tez qət edər ? Əlbəttə profi. Stomatologiyada da eyni şeydir – çox bahalı, məşhur bir firmanın plombu bacarıqsız, təcrübəsiz, işini bilməyən bir həkimin əlində palçıqdan fərqlənmir və dişə nə də qoysa, heç nəyə oxşamır, hansısa keyfiyyətdən danışmaq gülüncdür. Və təcrübəli , bacarıqlı bir stomatoloq ən ucuz plomb materialını da yüksək keyfiyyətlə işlətdiyinə görə nəticədə daha davamlı, daha uzunömürlü restavrasiyalar yarada bilir.
Yekunda məncə sualın cavabı hamıya aydın oldu – dişə qoyulan plombun hansı ölkənin istehsalı olması, firmanın adı pasiyenti qətiyyən narahat etməməlidir. Hətta sualın cavabını öyrənsə belə - ki düzgün cavab almaq ehtimalı sıfıra yaxındır – yenə də bu pasiyentə işin keyfiyyətli olub olmayacağına qətiyyən təminat vermir. Ondansa pasiyentlər əvvəlcədən kimə müraciət edəcəklərinə diqqət yetirsinlər, işinin peşəkarını tapsınlar. Peşəkar həkim nəyi, nə zaman, necə edəcəyini istənilən məlumatlı pasiyentdən qat-qat yaxşı bilir. Bəs yaxşı mütəxəssisi necə tapmaq olar ? Bax bu artıq digər bir bloqun mövzusudur. Bu barədə ayrıca videomuz da olacaq.
Bu günlük isə məndən bu qədər. Çalışın işinizi həmişə peşəkarlara etibar edin və gülümsəyin, dostlar, gülümsəyin ))