ƏZƏLİ RƏQİBLƏR : PROTEZ VS KÖRPÜ
Salam, dostlar ! Sizinlə mən stomatoloq Nizami Abbasov və Dentify Dental Vlog kanalıdır.
Təbii dişlərimiz əlbəttə çox qiymətlidir. Onları itirməmək üçün profilaktikanın, erkən müayinə və müalicələrin nə qədər önəmli və effektiv olduğunu hər zaman vurğulayırıq. Amma həyatda elə bir vaxt gəlib çatır ki, dişlərin bir neçəsini itirmiş oluruq. Və bu zaman ortaya çıxan ilk məntiqi sual : itirilmiş dişləri nə ilə bərpa edək ?
Burada adətən 2 seçimimiz olur. Çıxmayan körpü konstruksiyası ya da çıxan protez.
Bəs hansı daha yaxşıdır ?
Əlbəttə insanlar öz təbii tələbatlarına uyğun olaraq çıxmayan körpü konstruksiyasına üstünlük verirlər. Çünki körpülər pasiyentin öz dişləri üzərinə hazırlanır, sonra da sementlə bərkidilir. Nəticədə adamın öz dişləri kimi sərt, çeynəmə təzyiqinə davamlı bir konstruksiya alınır. Körpülərə öyrəşmək də asandır, demək olar zaman tələb etmir.
Bəs protez ? Körpü ilə müqayisədə pasiyentlər arasında bir o qədər də sevilmir. Əsas səbəb hər şeydən əvvəl çoxlarının protez dedikdə “ nənəsinin stəkanda saxladığı dişləri “ gözünün qabağına gəlir )) Amma əlbəttə protezlərlə bağlı vəziyyət o qədər də kötü deyil. Bəlli sayda çox diş itirmiş adamlarda artıq körpü konstruksiyası düzəltmək mümkünsüz olanda protez yeganə seçim olur. Həmçinin tam dişsiz çənələrdə ilk növbədə seçim protez üzərinə olur. Ya olurdu. İmplantlar peyda olana kimi.
İmplantlar bir növ protez və körpünün əzəli davasının arasına girmiş oldular. Çünki implantlar üzərinə həm körpü, həm də protez konstruksiyalar hazırlamaq mümkündür. Bunu sadəcə məlumat üçün dedim. İmplantlar haqqında ayrıca bloq seriyamız olacaq.
Hələlik isə qayıdaq körpü və ya protez sualına.
Bəs körpülərin mənfi cəhəti varmı ? Əlbəttə var. İlk növbədə hazırlandığı dayaq dişlərin yonulması. Material seçimindən, ağızdakı vəziyyətdən asılı olaraq dişlər az və ya çox yonulur. Amma yonulur. 2ci mənfi cəhəti onun elə həm də müsbət cəhətidir – çıxmayan olması. Pasiyent ilk vaxtlar çıxmayan konstruksiyadan çox razı olur, asanlıqla sərt qidanı çeynəyə bilir, tələffüz qaydasında. Amma elə çıxarda bilmədiyinə görə də körpünün alt hissəsini təmizləyə bilmir. Əslində körpünün aralıq hissəsini də təmizləməyin yolları var. Amma istənilən halda bu ya çətindir, bəzi hallarda isə həqiqətən mümkünsüz olur. Və ərpdən, qida qalıqlarından mütəmadi təmizlənməyən yer iy – qoxu yaradır. Və daha pisi dayaq dişlər dibdən çürüyə, diş əti iltihablaşa bilir. Və əlbəttə qiyməti. Körpü konstruksiyası qiymətdə protezdən çox bahadır. Və yenilənmə, təmir olunma imkanı da yoxdur. Yəni körpüyə dayaq olan diş itirilsə, ya körpü qırılsa, onu təmir etmək, ömrünü artırmaq olmur.
Protezlərin də mənfi cəhətləri var. İlk növbədə körpülər kimi dişlərə sərt bağlanmaması. Nəticədə pasiyent protez dişləri ilə böyük çeynəmə təzyiqi yarada bilmir, bəzən tələffüz problemləri yaranır. Əlbəttə protezlərin də elə növləri var ki, onlarda bu saydığım mənfi cəhətlər minimuma enir. Bu barədə protezlərə həsr etdiyimiz buraxılışımızda ətraflı danışacağıq. Estetika ? Yenə də bəzi protezlərdə estetik görünüş ideal olmasa da, bəzilərində ideala çox yaxındır. Yəni burda da protezlərin əleyhinə yekun söz demək olmur.
Protez yoxsa körpü seçiminə ən çox təsir edən amillər ilk növbədə pasiyentin ağız boşluğundakı vəziyyətdir. Yəni pasiyent nə qədər də müəyyən istəkləri olsa da, həkim sonda vəziyyətə uyğun düzgün qərar verməlidir. Digər faktorlardan, pasiyentin gözləntiləri, maddi imkanı və kooperativ olmasını qeyd etmək olar.
Yekun qərar ? Yekun qərarı hər pasiyentdə individual olaraq müalicə həkimi özü verir. Bütün faktorları nəzərə alaraq.
Əslində çox geniş mövzudur. Məncə bu dəfə heç-heçə oldu deyə bilərik ))
Yenə qayıdacam bu mövzuya. Hələlik isə sizi çox yormayım.
Bu günlük bu qədər. Sağolun və gülümsəyin, dostlar, gülümsəyin !