Hamiləlik və diş ağrıları

Bütün stomatoloji müayinə və müalicələr həm qadın orqanizminə, həm də körpəyə ziyansız olmalıdırlar

Hamiləlik insan orqanizminin xüsusi bir halıdır. Hamiləlik dövründə qadın orqanizmi bir çox dəyişikliyə uğrayır. Bu dəyişiklik özünü həm fizioloji, həm də psixoloji tərəfdən göstərir. Elə ona görə də hamilə qadınlar özlərinə və bətnlərindəki körpəyə qarşı həssaslıq nümayiş etdirirlər. Eyni səbəbdən həkimə getmək qorxusu, hansısa içəcəyi dərmanın ona, ya körpəsinə ziyan verəcəyi fikirləri qadınları çox narahat edir. 

Bəs hamiləlik vaxtı diş həkiminə getmək olar ? Birdən diş ağrıları yaranıbsa, onda necə ? Evdə oturub ağrılara dözmək lazımdır ? Yoxsa çıxış yolu var ? 

Azərbaycanda hamilə qadınların ən çox əziyyət çəkdiyi, hətta deyərdim ki, savadsız ginekoloqlar tərəfindən ən çox zülmə məruz qaldığı mövzu – hamiləlik zamanı stomatoloji müalicələr mövzusunu bu günki bloqumuzda işıqlandırmağa çalışacağam.

Hamilə və südverən qadın. 

Stomatoloqlar hamilə və südverən qadınların müayinəsi və müalicəsi zamanı müəyyən problemlərlə üzləşirlər. Ümumilikdə bütün stomatoloji müayinə və müalicələr həm qadın orqanizminə, həm də körpəyə ziyansız olmalıdırlar. Əslində əksər stomatoloji müdaxilələr elə zatən təhlükəsizdirlər. Sadəcə qadın orqanizminin müəyyən özəlliklərini nəzərə almaq lazımdır. Məsələn, hamiləlik dövründə qadınlarda ümumi yorğunluq, ürəkbulanma, başgicəllənmə, bayılma halları  yaranır. Bundan başqa son aylara yaxın artıq böyümüş körpə uzanıqlı vəziyyətdə olan ananın qarın boşluğunda müəyyən qan damarlarını sıxır. Nəticədə uzun müddət uzanıqlı qalan ana özünü pis edə, qan təzyiqi aşağı düşə bilər.

Ümumi olaraq belə qəbul olunub ki, hamiləliyin ilk 3 ayı və 7,8,9-cu ayları ana orqanizminin ən qeyri-stabil vaxtlarıdır. Həmçinin bu dövrlərdə körpənin ən vacib həyatı funksiyaları, bir neçə vacib orqanları formalaşır. Ona görə də 9 aylıq hamiləliyin ilk və son 3 ayı stomatoloji müayinə və müalicələr üçün əlverişli sayılmır, bu dövrdə nə ananı, nə də körpəni narahat etmək lazım deyil. Yalnız təcili müdaxilə tələb edən istisna halları çıxmaq şərtilə. Təcili hallara məsələn, güclü diş ağrıları, ağız boşluğunda hər hansı böyük iltihabi proseslər aiddir. Yəni 7 aylıq hamilə qadının irinli diş səbəbindən üzü şişibsə, oturub 3 ay doğuş olub qurtarana qədər gözləmək olmaz ! Dərhal müdaxilə olunmalıdır !

Müayinə.

Rentgen müayinəsindən başqa bütün stomatoloji müayinələr hamilə və südverən qadınlar üçün problemsizdir. Hərçənd stomatologiyada istifadə olunan rentgen cihazların şüalandırma gücü çox zəifdir və müayinə olunan ananın müəyyən qorunma metodları vasitəsilə ( məs.  qurğuşun jilet ) şüalanması demək olar sıfıra endirilə bilir, yenə də çox vacib olmadıqca rentgen olunması məsləhət görülmür. 

Hamiləlik dövründə ağız boşluğunda yaranan problemlər.

Hamiləlik dövründə qadınlarda əsasən 2 stomatoloji problem yaranır : diş əti şişir, qanayır və dişlər sürətlə çürüyür.

Hamiləlik zamanı diş ətinin şişməsinə və qanamasına adətən qadın orqanizmindəki hormonal dəyişiklik səbəb olur.  Buna hamiləlik gingiviti də deyilir.  Ümumi olaraq vəziyyəti yaxşılaşdırmaq üçün müntəzəm professional gigiyena, həmçinin intensiv ağız baxımı məsləhət görülür. Zamanla hamiləlik dövrünün sonunda və doğuşdan sonra diş əti problemləri öz-özünə keçir. 

Digər məsələ dişlərin çürüməsidir. Hərçənd hamiləliklə karies arasında birbaşa əlaqənin olması elmi cəhətdən hələ sübut olunmayıb, dolayı yolla hamilə qadınlarda dişlərin daha sürətli çürüməsini izah etmək olur. Məlum məsələdir ki, formalaşmaqda və böyüməkdə olan körpə öz anasından qan vasitəsilə bütün lazımi materialları əldə edir, eləcə də kalsium, fosfor və yod kimi vacib mikroelementləri. Düzgün qidalanan , sağlam ana bütün yuxarıda saydığımız elementləri rahatlıqla öz körpəsinə ötürür və özünə də heç nə olmur. Problem o zaman yaranır ki, ana orqanizmi özü müəyyən dərəcədə kalsium, fosfor çatışmazlığından əziyyət çəksin. Bu zaman zatən az miqdarda olan kalsiumun yerdə qalan son milliqramları da körpə orqanizminə gedir və ananın vəziyyəti daha da pisləşir – dırnaqları sınır, saçı tökülür, dişləri çürüyür, ovxalanıb dağılır.

Bəs nə etməli ? Hamiləlik dövründə dişləri necə qorumaq olar ? Və əgər artıq problem yaranıbsa, dişlər ağrıyırsa, müalicə etmək olarmı ?

Bu və digər sualların cavabı bloqumuzun 2-ci hissəsində. Ardı var...