İmplantologiya
Min illər boyunca insan itirilmiş dişlərini bərpa etməyin yollarını axtarıb. Hələ qədim Misirdə çəkilmiş dişləri qızıl məftil ilə yan dişlərə bərkidərək körpü konstruksiyası düzəldə bilirlərmiş. Artıq 20ci əsrdən başlayaraq diş həkimliyində müxtəlif materiallardan istifadə etməklə qapaqlar, körpülər, protezlər hazırlamaq mümkündür. Amma mövcud konstruksiyalar heç də həmişə bütün problemləri həll edə bilmir. Məsələn tək dişini itirmiş pasiyentdə sağlam dişlərini yonaraq ora körpü düzəltmək pasiyentlərin ürəyincə deyil. Və ya tam dişsiz çənə üçün hazırlanmış protezlə pasiyent əvvəlki kimi keyfiyyətli çeynəməyə sahib olmur. Bu problemlərdən çıxış yolu axtaran alimlər implantı ixtira ediblər.
İmplant sadə dillə desək, titandan və ya keramikadan hazırlanmış, üzəri yivli süni diş köküdür. Birbaşa çənə sümüyünə cərrahi üsulla bağlanır, tam çənə sümüyü ilə birləşdikdən sonra ( 3-6 ay çəkir ) üst hissəsi körpü və ya protezlə təmin olunur.
İmplant sayəsində tək dişini itirmiş pasiyentdə artıq yan sağlam dişləri yonmağa ehtiyac yoxdur. Həmin dişin yerinə tək implant yerləşdirilərək sonra üzərinə tək qapaq hazırlamaq olur. Və ya arxa dişlərini erkən itirən nisbətən gənc pasiyent protez gəzdirmək istəmir. Bu zaman arxa dişlər nahiyəsinə 2-3 ədəd implant əkməklə üzərinə körpü düzəltmək olur. Həmçinin tam dişsiz çənədə 4-6 implant üzərinə çıxmayan körpü və ya çıxan, amma adi protezdən dəfələrlə stabil və möhkəm olan implantüstü protezlər hazırlanır. Bütün bu üstünlüklərinə görə implantlar müasir stomatologiyanın artıq ayrılmaz parçasına çevrilib.
İmplantlar artıq məlum olan bütün körpü və protez konstruksiyaları ilə kombinə edilə bilən, pasiyentlərin həyat keyfiyyətini xeyli artıran bir müalicə variantıdır. Hazırda demək olar bütün pasiyentlərdə implant yerləşdirmək olur. Hətta sümük yetməzliyi olan pasiyentlərdə sümük köçürməsi əməliyyatından sonra istənilən ölçüdə implantları yerləşdirmək mümkündür. Yalnız ağır xəstəliklərdən əziyyət çəkən, hər cür müayinə və mütəmadi professional təmizləmədən imtina edən, ağız gigiyenası pis olan pasiyentlərdə implant olunmur.
İmplantların uzunömürlülüyü də son illərdə kifayət qədər artıb. Hazırda bir implantın 5 il ağızda qalma şansı 90%-dir.
Hansı implantın sizə ən uyğun olduğunu diş həkiminiz təyin edə bilər. İmplantın istehsal ölkəsinin İzrail və ya Koreya olması onun keyfiyyəti barəsində hələ heç nə demir. İmplant seçimi hər pasiyentin ağız boşluğu situasiyasına uyğun olaraq fərdi aparılır. Stomatologiyada Əlinin papağı heç vaxt Vəlinin başına düz gəlmir. İşi sadəcə professionalın öhdəsinə buraxın! Yalnız ümumi olaraq onu qeyd etmək olar ki, yaxşı implant ucuz ola bilməz. Çünki yaxşı implant mürəkkəb texnologiyalarla bahalı materiallardan hazırlanır, uzun laborator və kliniki sınaqlardan keçdikdən sonra satışa çıxarılır. Həmçinin nəzərə almaq lazımdır ki, həmin implant çənə sümüyünüzə bağlanır və ağızın aqressiv mühitində paslanmadan, çürümədən, heç bir reaksiya yaratmadan illərlə dayanmalı, çeynəmə təzyiqinə dözməlidir.
Bir başqa nüans implantın hissələrinin tapılan olmasıdır. Belə bir situasiya təəvvür edin : Pasiyentə bir neçə il öncə 2 ədəd implant olunub. İndi həmin implantların yivləri qırılıb, dəyişilməlidir. Və ya əlavə implant olunub, köhnə implantlarla birləşən ümumi yeni konstruksiya hazırlanmalıdır. Nə baş verir ? Aydın olur ki, həmin köhnə implantları satan şirkət artıq Azərbaycanda fəaliyyət göstərmir. Zavodla əlaqədən sonra məlum olur ki, implanta aid heç bir servis göstərilmir. Nəticə - köhnə implantlar istifadəsiz olaraq çənə sümüyündə qalır, pasiyent tamam başqa konstruksiya və bəzən yenə adi protezlə təmin olunur, çünki başqa seçim yoxdur. Ona görə implant seçimində həm də həmin implant şirkətinin geniş servis şəbəkəsinin olub – olmaması, implant istehsalı sahəsində təcrübəsi də nəzərə alınmalıdır.
İmplantlar artıq bildiyimiz kimi çənə sümüyünə bərkidilən süni vidalardır ( vida- şurup ). Buradan məlum olur ki, implantlar cansızdırlar, heç bir qan damarı, sinir təchizatı yoxdur. Ona görə implantların immuniteti də yoxdur. Və canlı dişdən fərqli olaraq bir problem yarandıqda ağrımır da. Bu səbəbdən implantlar ağız boşluğundakı aqressiv bakteriyaların hücumuna qarşı səssiz və müdafiəsizdirlər. Nəticədə düzgün qulluq olunmayan implantların ətrafına ərp yığılır, ərpin tərkibindəki bakteriyalar implantətrafı sümüyün əriməsinə və implantın laxlayaraq itirilməsinə gətirib çıxardır. Buna periimplantit xəstəliyi deyilir. Və bütün bu müddətdə implant heç bir ağrı vermir.
Ona görə implantlara adi dişlərdən daha çox qulluq olunmalıdır. Hər gün xüsusi fırçalar və diş sapları vasitəsilə implantların ətrafı yaxşı-yaxşı təmizlənməlidir. Bundan başqa 6 aydan gec olmayaraq mütəmadi professional təmizləmə həyata keçirilməlidir. Bu zaman vida ilə bərkidilmiş implantüstü konstruksiyalar diş həkimi tərəfindən sökülür, implant ətrafı dərindən təmizlənir və konstruksiya yenidən yerinə bağlanır. Həmçinin mütəmadi rentgen şəkilləri çəkməklə implantətrafı sümükdə yeyilmə olub olmamasına nəzarət etmək, əgər artıq başlayıbsa, vaxtında önləyici tədbirlərlə implantı xilas etmək olur. Bir dişi itirərkən, sadəcə bir diş itirirsiniz, implantı itirərkən həm də çənə sümüyünüzü itirirsiniz ! Adətən periimplantit səbəbindən implantlarını itirmiş pasiyentlərdə çənə sümüyünü yenidən bərpa etmək üçün irihəcmli sümük köçürmə əməliyyatlarına ehtiyac yaranır. Ona görə ən düzgünü yenə də profilaktikadır. Bir implantın düzgün qulluq və mütəmadi professional təmizləmələrlə ömrünü uzatmaq qat-qat asandır, nəinki sümük itkisindən sonra orada ağır sümük köçürməsi etmək.