Parodontologiya
Dişlərinizi kətan üzərindəki rəsm əsərinə bənzətsək, onda diş əti həmin rəsmin çərçivəsidir. Bu o deməkdir ki, diş əti sizin təbəssümünüzə güclü təsir göstərir. Siz plomb, vinir və ya qapaqların köməyilə çox gözəl dişlərə sahib ola bilərsiniz - əgər diş ətiniz qızartılı, şişkin və iltihablıdırsa, onda bütün mənzərə bərbad görünür. Və əgər dişlərinizin ətrafında diş əti çəkilməsi baş verirsə və dişlərin arasında qara üçbucaqlar əmələ gəlirsə, bu sizin təbəssümü daha qoca və qeyri – estetik göstərir.
Diş əti xəstəlikləri - həmçinin parodontal xəstəliklər adlandırılır – ağız boşluğunda həddindən artıq toplanmış bakteriyalar tərəfindən törədilir. Erkən mərhələdə diş əti qızartılı, şişkin və ya boşalmış görünür. Diş əti xəstəliyi diş ətinin geri çəkilməsinə, sümük yeyilməsinə və hətta tam sağlam dişlərin itirilməsinə gətirib çıxardır. Parodontal xəstəlik həm də ümumi sağlamlığa da ziyandır. Araşdırmalar diş əti xəstəlikləri ilə ürək və ağciyər xəstəlikləri, diabet ( şəkər xəstəliyi ) və digər sistem xəstəliklər arasında sıx əlaqə olduğunu sübut edir.
Diş ərpi - diş səthindəki bakteriya və onların həyat məhsulları ( ifrazatı ) yığınıdır. Diş ərpi ağız boşluğunda uzun müddət qaldıqda ağız suyunun tərkibindəki mineralların onun üzərinə çökməsi nəticəsində diş daşı əmələ gəlir. Diş ərpi və diş daşı çox yığıldıqda diş əti problemləri yaranır. Ona görə bu cür çöküntülərin vaxtaşırı təmizlənməsi sizin sağlamlığınız üçün vacibdir.
Parodontal xəstəliklər diş itirilməsinin 1 nömrəli səbəbidir. Orqanizmdəki sistem dəyişiklikləri də diş əti problemlərinə yol aça bilir, məsələn, hamiləlik, hormonal dəyişiklik, stress, həmçinin bəzi narkotik maddələr və dərmanlar səbəbindən.
Sağlam diş əti çəhrayı rəngdədir, kəskin sərhədləri var, yaxından baxdıqda səthi portağal qabığına bənzəyir, dişin boynunu qövsvari örtür. Diş ətinin çəhrayı tonları dəri rənginə və etnik mənsubiyyətə görə dəyişir.
Sağlam diş əti özü -özünə qanamır !
Əgər səhər yuxudan duranda qulağınızdan qan gəlsə, yəqin ki dərhal qulaq həkiminə müraciət edərsiz. Və ya durduğu yerdə birdən gözünüzdən qan axsa, fikirləşmədən göz həkimi axtararsız. Eləcə də diş əti. Diş əti heç nədən özü- özünə qanayırsa, deməli nəsə problem var. Mütləq diş həkiminə yaxınlaşın, çünki diş əti qanaması diş əti xəstəliklərinin ən yayılmış əlamətlərindəndir. Və müalicə olunmadıqda gələcəkdə daha ciddi fəsadlara və hətta dişlərin itirilməsinə gətirib çıxara bilir. İnanın, biz bunu gündəlik olaraq hər il yüzlərlə pasiyentdə görürük. Hamısı da diş əti qanamasının təhlükəli olduğunu bilmədiklərini və vaxtında həkimə müraciət etmədiklərinə görə peşman olduqlarını deyirlər.
Parodontal xəstəliklərin müalicəsi
Gündəlik ağız boşluğu gigiyenası ( Diş fırçası, diş sapı və diş həkiminizin sizə məsləhət gördüyü digər gigiyena vasitələri ) və diş həkiminiz tərəfindən həyata keçirilən müntəzəm professional diş təmizləməsi diş əti xəstəliklərinin qarşısını ala və ya onları ilkin mərhələdə dayandıra bilir.
Xəstəlik daha da inkişaf edib və parodontit yaranıbsa müalicə üçün artıq diş kökünün hamarlanması və / və ya küretaj lazım olur. Diş kökünün hamarlanması ( həm də “skeylinq” adlanır ) dişin görünən diş əti üstü və görünməyən diş əti altı nahiyələrindən diş daşlarının təmizlənməsinə deyilir. Küretaj xüsusi alətlər olan küretlər vasitəsilə iltihablı diş ətinin təmizlənməsinə deyilir. Bu tədbirlər yaxşı ağız gigiyenası ilə birlikdə xəstəliyi nəzarətə almağa imkan verir.
Daha başıburaxma vəziyyətlərdə cərrahi müdaxiləyə ehtiyac olur. Bu zaman diş ətində kəsik aparılaraq diş kökünün üzəri açılır, həmin küretlərlə yaxşı təmizlənir, lazım olduqda sümük də korreksiya olunur və diş əti yenidən tikilir. Bütün bu müdaxilələr yerli keyitmə ilə aparılır.
Cərrahi müdaxilə zamanı böyük sümük defekti aşkarlanırsa, sümük əvəzedici materiallar vasitəsilə həmin defekt qapana bilir. Bu cür müdaxilələr əsasən bir neçə gəlişə həyata keçirilir.
İrəliləmiş parodontal xəstəlikləri müalicə etmək çox çətin olduğu üçün erkən müdaxilə çox vacibdir. Digər tərəfdən parodontit həm də xroniki xəstəlikdir. Yəni bircə dəfə müalicə olunmaqla parodontal xəstəliklərdən ömürlük can qurtarmaq mümkün deyil. Yalnız yaxşı ağız gigiyenası, mütəmadi müayinələr, professional diş təmizləmələri və ən geci ildə bir dəfə küretaj etməklə dişlərinizi uzun müddət qoruyub saxlaya bilərsiniz. Əks halda dişlərin laxlayıb itirilməsi qaçılmazdır !
İynə vurdurmaq diş əti müalicəsi deyil !
Çox təəssüf ki Azərbaycanda hələ də iynə vurmaq üsulu ilə diş ətini müalicə etdiklərini iddia edən həkimlər və buna inanan pasiyentlər var. Məsələnin mahiyyəti diş ərpi, həmin ərpin tərkibindəki milyardlarla xəstəlik törədən bakteriyalardırsa, onları oradan köklü surətdə təmizləmədən, hansısa vitamin və ya digər sadə preparatları iynə ilə birbaşa diş ətinə yeritməklə hansı müalicəyə nail olmaq olar ? Əlbəttə ki vitaminlərin təsirindən qısamüddətli yaxşılaşma effekti yaranır, amma maksimum 2-3 həftədən sonra əsl səbəb aradan qaldırılmadığına görə xəstəlik yenə geri dönür. Nəticə - pasiyentlər diş əti müalicəsinə olan inamlarını itirir, xəstəliyi öz axarına buraxır, ən yaxşı halda daim iltihablı, qanayan, kənardan çox pis görünən diş əti ilə gəzirlər. Pis halda isə bir neçə il ərzində laxlama səbəbindən heç bir kariesi olmayan dişlərini itirirlər. Ona görə işi professionala etibar edin.
Diş fırçası, diş sapı ilə həyata keçirilən yaxşı ağız gigiyenası və diş ətinin massajı parodontal xəstəliklərin qarşısını almağın ən yaxşı üsullarıdır. Dişlərinizi təmiz saxlayın və bakteriyalara heç bir şans verməyin !
Dişlər diş əti ilə əhatə olunmuş çənə sümüyündə yerləşir. Dişi çənə sümüyündə möhkəm saxlayan əslində dişi hər tərəfdən əhatə edən çox kiçik bağlardır. Diş əti xəstəliyi zamanı həmin kiçik bağlar zədələnir, proses dərinə getdikcə həmin sümük də əriməyə başlayır və dişi möhkəm saxlayan dayaq artıq çox az olduğu üçün dişlər laxlayır. Əgər parodontit hələ ağır mərhələyə çatmayıbsa, vaxtında müalicə etməklə diş ətinin yenidən möhkəmlənməsinə nail olmaq olur. Bəzən müalicədən sonra hələ də zəif olan diş ətinin bərpasına kömək etmək üçün dişləri bir müddətliyə biri birinə şina ilə birləşdirmək lazım olur. Bunun üçün plomb və xüsusi məftildən istifadə olunur. Diş əti sağaldıqdan, dişlər yenidən möhkəmləndikdən sonra həmin bərkidici şina sökülür.
Diş ətinin çəkilməsi müxtəlif səbəblərdən ola bilər, məsələn, parodontit, aqressiv fırçalama, travma və ya diş çəkilməsi. Diş əti çəkiləndə dişlər daha uzun görünür və dişlər arasında xoşagəlməz qara üçbucaqlar yaranır. Təəssüf ki normal hallarda diş əti yenidən böyüyə bilmir və bu cür defektləri aradan qaldırmaq üçün əlavə müdaxilələrə ehtiyac yaranır. Bunun üçün plomblardan, qapaq və vinirlərdən istifadə olunur. Həmçinin cərrahi üsulla pasiyentin öz damağından götürülmüş diş əti parçası ilə həmin defektləri örtmək olur.
Bəzən diş əti əksinə çox da ola bilir. Əgər parodontit səbəbindən diş əti şişkin və böyümüş vəziyyətdədirsə, skeylinq və küretaj üsulu ilə müalicədən sonra diş əti əvvəlki normal ölçülərinə qayıdır. Bəzi mütəmadi qəbul olunan dərmanlar da diş ətinin şişməsinə gətirib çıxarır, məsələn epilepsiyadan müalicə alan pasiyentlərdə. Həmçinin qalın diş əti irsi də ola bilər. Buna ingiliscə gummy smile deyilir. Belə adamlarda gülərkən daha çox diş əti görünür, nəinki bəyaz dişlər. Bu zaman diş ətini korreksiya etmək üçün gingivoplastika adlı kiçik cərrahi müdaxilə sizə kömək edə bilər.