Süni dişlər
Olmayan dişin estetikaya mənfi təsirini – hətta arxa diş olsa belə - nəzərə almamaq olmaz. Belə boşluqlar hətta görünməyən yerdə olsa da müxtəlif problemlər yarada bilər: çeynəmə təzyiqinin qeyri – bərabər paylanması dişlərin yerdəyişməsinə, biri – birindən aralanmasına gətirib çıxardır. Zamanla boşluğun yanındakı qonşu dişlər həmin boşluğa tərəf əyilir, əks çənədəki diş həmin boşluğa doğru uzanır. Nəticədə çox pis görünüş yaranır. Hətta başıburaxma vəziyyətlərdə həmin olmayan dişi artıq heç bir üsulla bərpa etmək olmur. Nə qədər çox diş yoxdursa, bir o qədər böyük ehtimalla sizi daha qoca göstərən yeni qırışlar da əmələ gəlir. Yalnız ağıl dişlərinin yerini boş saxlayırlar, ora heç nə düzəltmək lazım deyil.
Əgər bir və ya bir neçə dişiniz yoxdursa, onları əvəz etməyin 3 üsulu vardır : körpü, hissəvi protez və tam protez. Bunların hər biri də sizin öz dişlərinizin və ya implantların üzərinə hazırlana bilir. Fərqli situasiyalarda hər biri uğurlu ola bilər.
1-ci həll üsulu – körpü
Stomatologiyada körpü deyəndə əlbəttə ki şəhərdəki körpülər nəzərdə tutulmur. Körpülər olmayan dişləri əvəz etmək üçün hazırlanır. Onlar xüsusi sementlərin köməyilə qonşu dişlərə bərkidilir. Karkas metaldan və ya keramikadan hazırlanır. Görünən üst qat adətən keramikadan olur.
Əgər siz olmayan tək dişi əvəz etmək istəyirsinizsə və kifayət qədər çənə sümüyü varsa, implant ən yaxşı seçimdir. Amma yenə də körpünü seçə bilərsiniz, əgər
yüksək xərclər və ya sağlamlıq problemləri implantı mümkünsüz edirsə,
çıxan protezə nəzərən daha gözəl və daha uzunömürlü nəticə arzulayırsınızsa,
qonşu dişlərin dayaq üçün yonulması ilə razısınızsa.
Nəzərə alın ki, körpü dişləri biri birilə birləşdirir. Bu o deməkdir ki, siz normal diş sapını artıq dişlərinizin arasından keçirdə bilməyəcəksiniz. Onun əvəzinə xüsusi diş sapı – superfloss istifadə edə bilərsiniz, onu aralıq hissənin altına keçirtmək və körpünün alt hissələrini və dayaq dişləri təmizləmək olur.
Diş həkimi üçün işin müşkül hissəsi körpünü təbii dişə bənzətməkdir. Əslində bitişik olan aralıq hissəni “dən-dən” və diş ətindən çıxırmış kimi göstərmək olduqca çətindir. Dünyanın ən yaxşı diş həkimi və texnikləri belə hər situasiyada işin 100% təbii görünəcəyinə qarantiya vermirlər.
Keramika örtüyü həm metal, həm də keramik ( zirkonium oksid ) karkasın üzərinə yığıla bilər. Metal karkasın üstünlükləri onun elastik olması, uzun aralıq hissələr hazırlamağa imkan verməsidir. Mənfi cəhəti isə diş əti kənarlarında tünd rəngli zolaq kimi görünməyidir. Bəzi hallarda metal xəlitənin tərkibindəki bəzi elementlərə ( məsələn, Nikel ) qarşı pasiyentin allergiyası olur və bu diş ətində qızartı, şişkinlik və bəzən daha ağır reaksiyalara səbəb olur.
Keramik karkasın üstünlükləri onun çox sərt və estetik olmasıdır. Keramik karkaslı körpülərdə heç vaxt tünd zolaqlar görünmür, çünki karkas özü də diş rəngindədir. Həmçinin zirkonium oksid əsaslı karkas tamamilə biouyğundur, yəni heç bir allergik reaksiyaya, qızartı və şişkinliklərə səbəb olmur. Yeganə mənfi cəhəti uzun məsafəli aralıq hissələrdə elastikliyinin azlığı səbəbindən qırılmağıdır. Ona görə də keramik karkas əsasən kiçik körpülərdə və ya tək dişlik qapaqlarda istifadə olunur.
2-ci həll üsulu – hissəvi protez
Çıxmayan körpülər kimi hissəvi protezlər də olmayan dişləri əvəz edir. Onlar da mövcud dişlərə bərkidilir. Amma körpülərdən fərqli olaraq sementlə yapışdırılmır, lazım olanda çıxarıla bilirlər. 2 növ hissəvi protez var: adi və gizli birləşdirici ilə olan. Hər ikisi haqqda aşağıda ətraflı məlumat var.
Pasiyentlərin çoxu nisbətən ucuz başa gəldiyi üçün hissəvi protezləri seçirlər. Nəzərə almaq lazımdır ki, hissəvi protezin ömrü məhduddur, həmçinin dayaq dişlərin sürtülməsinə səbəb ola bilir.
Artıq diş çəkildiyi gün diş həkiminiz sizə müvəqqəti dişlər hazırlaya bilər. Belə dişlər az müddət gedir və dişin yeri sağalan kimi daimi protezlə əvəzlənməlidir.
Hissəvi protezin karkası xüsusi, korroziyayadavamlı metal xəlitələrdən hazırlanır. Həmin metal karkasın üzərinə süni dişlər diş əti rəngli plastmas vasitəsilə bərkidilir.
Adi protezlər metal qarmaqlar vasitəsilə mövcud dişlərə bərkidilir. Metal qarmaqlar gülən zaman görünürsə, estetik mənzərə çox korlanır. Alternativ olaraq diş əti rəngində qarmaqlar hazırlana bilər, amma onlar tez sınır və elastikliyi tənzimlənmir – protez boşaldıqda bu qarmaqları metal qarmaqlardan fərqli olaraq sıxmaq olmur. Adi protezlərin müsbət cəhətləri ucuz və asan təmir oluna bilən olmalarıdır. Mənfi cəhətləri görünən qarmaqlar və qarmaqların dişləri sürtməsidir.
Əgər görünən metal qarmaqlar sizi narahat edirsə, onda gizli birləşdiricili protez sizin üçün çıxış yoludur. Bunun üçün qonşu dişlər qapaqlarla örtülməlidir. Həmin qapaqların içəri tərəfində hissəvi protezi bərkitmək üçün xüsusi gizli birləşdirici elementlər olur. Gizli birləşdirici elementlərə müxtəlif düyməli ( ataçmen, knopka ), sürgülü sistemlər, teleskopik qapaqlar aiddir. Qiymət baxımından adi protezlərlə nisbətdə bir xeyli baha olsalar da, bu cür protezlərlə daha estetik nəticələr alınır. Gizli birləşdiricili protezlərin üstünlükləri daha möhkəm və uzunömürlü olmalarıdır. Damaq hissənin adi protezdəki kimi qalın plastmasdan deyil, xeyli nazik metaldan hazırlanması da pasiyentlər üçün əlavə istifadə rahatlığı yaradır. Həmçinin hər hansı görünən metal qarmağın olmaması yüksəs estetik nəticə əldə etməyə imkan verir. Gizli birləşdirici elementlərin tutuculuğu adi metal qarmaqla müqayisə olunmayacaq dərəcədə güclü olduğu üçün bu protezlər ağızda daha stabil oturur. Gizli birləşdiricili protezlərin mənfi cəhətləri nisbətən baha olmaları, çətin təmir olunmaqları, həmçinin əlavə qapaqlar üçün dişlərin çox yonulmasıdır.
Tam protez də çıxan protezlərin bir növüdür, tam dişsiz çənənin bütün dişlərini, diş ətini və sümük toxumasını bərpa edir. Adi tam protezlər bütün dişlərini itirmiş pasiyentlər üçün nəzərdə tutulmuşdur. Həmçinin mövcud dişlərin və ya implantların üzərini örtən tam protezlər ( overdenture ) də mövcuddur.
Tam protez mənə uyğundurmu ?
Tam protezlər bütün dişlərini itirmiş pasiyentlər üçün estetik həll üsuludur. Tam protez sizin üçün ən yaxşı seçimdir, əgər siz
daha cavan görünmək istəyirsinizsə,
implant oluna bilmirsinizsə,
protezin vaxtaşırı doldurulmasını və yenilənməsini qəbul edirsinizsə,
bütün dişləri əvəz etməyin ən ucuz variantını axtarırsınızsa.
Tam protez üstünlükləri və çatışmazlıqları olan bir həll üsuludur. Bir tərəfdən o diş həkiminə imkan verir ki, sizin gülüşün demək olar bütün aspektlərini arzu və istəklərinizə uyğun yaratsın. Digər tərəfdən bütün dişlərin itirilməsi ilə onların əvvəlki görünüşü və yerləşməsi haqqda olan dəyərli məlumat da itirilmişdir. Ona görə də diş həkiminiz arzuolunan nəticəni əldə edənə qədər səbrli olun. Həmçinin nəzərə alın ki, protez dişləri adi dişlər kimi, hətta əksər hallarda onlardan daha tez yeyilir. Dişsiz çənə sümüyü daim yeyildiyinə və diş əti də ( damaq ) ona uyğun formasını dəyişdiyinə görə sizin protezlər müntəzəm olaraq doldurulmalı və ya yenisi ilə əvəz olunmalıdır. Əks halda protez damağa əvvəlki kimi bərabər oturmur, altında boşluq qaldığına görə çeynəmə təzyiqindən protez tez-tez sınır və ya ilk gündəki tutumunu itirir.
Bütün dişləriniz çəkilməli və siz tam protez düzəltdirməlisinizsə, onda ilk öncə sizə müvəqqəti protez hazırlanmalıdır. Bunun bir neçə müsbət cəhəti var. Əvvəla çəkilən dişlərin yerinin sağalması ən azı 1 ay, əksər hallarda isə 1.5 – 2 ay çəkir. Bu müddətdə heç bir dişi olmayan pasiyent yemək yemək, tələffüz və estetik baxımdan çox ciddi problemlərlə üzləşir. Müvəqqəti protez sizi bu problemlərdən azad edir. Həmçinin dişlərin çəkilməsindən sonrakı ilk 3-6 ayda yuxarıda qeyd edilən sümük yeyilməsi prosesləri maksimum həddə olduğundan ( bəzən 1 sm-ə qədər sümük yeyilməsi ), hazırlanan daimi protezlər qısa müddətdən sonra damağa uyğun olmur, çökür, sınır və s. Həmin intensiv sağalma müddətində müvəqqəti protez gəzdirməklə çənə sümüyündəki yeyilmə prosesləri stabilləşənə qədər bir növ gözləmək olur və müvəqqəti protez damağın necə gəldi sağalmasının qarşısını alır, gələcək daimi protez üçün damağa lazımi forma verir. Digər tərəfdən, müvəqqəti protez gəzdirən pasiyent bu müddətdə gələcək daimi protezdə görmək istədiyi detallara fikir verə bilər – məsələn, süni dişlərin rəngi, ölçüsü, formasını müvəqqəti protezdə dəyişə, bir növ sınaqdan keçirə bilər. Bununla da həm diş həkimi və texnik, həm də pasiyent özü gələcək daimi protezin necə olacağı, necə görünəcəyi haqqda dəyərli məlumatlar əldə edir. Müvəqqəti protezdəki həmin xırdalıqlar gələcəkdə daimi protezdə nəzərə alınır və pasiyent əvvəldən planlanmış estetik və funksional nəticəni əldə edir. Eləcə də müvəqqəti protez gəzdirmiş pasiyentin daimi protezə də çox asanlıqla öyrəşməsini müsbət cəhət kimi qeyd edə bilərik.
İngilis dilindən tərcümədə “overdenture” örtük protez mənasına gəlir. Adi tam protezlər kimi onlar da çənəni tamamilə örtür. Yalnız bu zaman mövcud dişlər və ya implantlar da protezin altında qalır və həmin diş və implantlar protez üçün dayaq rolunu oynayır.
Diş üzərini örtən protezlərin ən gözəl nümunəsi teleskopik protezdir. Teleskopik protezdə qalıq dişlər yonularaq üzərinə çox nazik metal və ya keramik qapaq hazırlanır. Həmin qapaqlar iç teleskop və ya birincili qapaq adlanır. Daha sonra protezin metal və ya keramik karkasına bitişik hazırlanmış ikincili, yəni çöl teleskoplar protezi taxarkən həmin birincili qapaqların üzərinə oturur. Bir növ iç-içə keçən 2 qapaq alınır, altda qalan sizin dişə sementlə yapışdırılır, üstdə olan isə protezin bir hissəsidir, və çıxarıla bilir. Daha yaxşı anlamaq üçün iç-içə keçirilmiş 2 ədəd plastik stəkanı təsəvvür edə bilərsiniz. Teleskopik protezlərin bir neçə üstün cəhəti vardır. İlk öncə cəmi 3-4 dişi qalmış çənələrdə digər protezlərlə müqayisə olunmayacaq dərəcədə möhkəm stabillik. Həmçinin teleskopik protezlərdə çeynəmə təzyiqi mövcud dişlərin boylama oxu boyunca paylandığından, diş əti, damaq yüklənmədən xeyli azad olur, nəticədə taktil hissiyyatı qorunub saxlanır və çeynəmə qabiliyyəti bir xeyli artmış olur. Teleskopik protezlərin əsas mənfi cəhətləri yüksək qiyməti , dayaq dişlərin üzərinə 2 qat qapaq hazırlandığından onların daha böyük görünməsi və çətin təmir olunan olmasıdır.
İmplantüstü protezlər barəsində məlumat almaq üçün implant bölməsini oxuya bilərsiniz.