Uşaq stomatologiyası
Uşaqlar sadəcə böyüklərin ölçücə balaca versiyası deyil !
Uşaqların stomatoloji klinikada qəbulu çox vaxtaparan, həkim və personaldan xüsusi həssaslıq və yüksək peşəkarlıq tələb edən bir işdir. Azərbaycan reallığında əksərən diş həkimi balaca pasiyentin beynində oturuşmuş qorxularla da mübarizə aparmalı olur. Hələ lap kiçik yaşlarından valideynlər uşaqları ələ almaq, onlara nəyisə etdirmək üçün qorxutma üsulundan istifadə edirlər. Həmin qorxunun mənbəyi adətən həkimlər, iynə və s. olur. Nəticədə günlərin bir günü həqiqətən diş həkiminə getməli olan uşaq həyatının ən böyük qorxusu ilə üz-üzə qalır. Sonrası hamıya məlumdur – dayanmadan ağlayan, isterik vəziyyətdə ağzını belə açmaq istəməyən, amma eyni zamanda da günlərdir diş ağrısından yata bilməyən uşaqlar.
Çıxış yolu uşaqları heç kim və heç nə ilə qorxutmamaqdan başlayır. Növbəti addım uşaqları hələ lap erkən yaşlardan stomatoloqa müayinəyə aparmaqdır. Adi müayinə, diş ərplərinin təmizlənməsi kimi ağrısız prosedurlar uşaqlarda diş həkiminə qarşı etibar yaradır. Hər uğurlu müayinəyə icazə verdiyinə görə uşaqları mükafatlandırmaq ( kiçik hədiyyə, gəzintiyə aparmaq və s. ) özü də uşaqları diş həkiminə getməyə əlavə motivasiya edir.
Uşaq orqanizmi böyüklərdən fərqli olaraq hələ tam formalaşmayıb. Bütün digər orqanlar kimi ağız boşluğu orqanları, çənə, diş sırası da böyüməkdə, inkişaf etməkdədir. Mütəmadi müayinələr uşaqlarda bir çox xəstəlik və anomaliyaları vaxtında aşkarlamağa və onların qarşısını almağa, həmçinin inkişafın düzgün getməsinə nəzarət etməyə yardım edir.
Müayinə zamanı əsasən aşağıdakı məsələlərə fikir verilir :
Ümumi inkişafdan qalma, uşağın qidalanması
Sistem xəstəliklərinin ağız boşluğundakı təzahürləri ( məs. qanaxmaya meyllilik, uşaq xəstəlikləri )
Dişlərdə say, forma, ölçü və struktur anomaliyaları
Dişlərin düzgün çıxma ardıcıllığı və vaxtı
Dişləmin müayinəsi – dərin dişləm, çəp dişləm, açıq dişləm, ön dişləm
9 yaşında panoram rentgen - daimi dişlərin mayasının olub – olmamasını dəqiqləşdirmək
Ağız gigiyenasını dəyərləndirmək
Kariesə nəzarət – adekvat restavrasiyalar, süd dişlərinin müalicəsi və çəkilməsi
6-cı dişlərə diqqət !!!
Uşaqlarda süd dişlərinin sayı 20, böyüklərdə daimi dişlərin sayı isə 32-dir. Bu o deməkdir ki, bütün daimi dişlərin süd tayı yoxdur və onların çıxması üçün süd dişlərinin tökülməsi vacib deyil. Süd tayı olmayan daimi dişlər böyük azı dişləridir, 6,7 və 8ci dişlər. 7ci dişlər dişçıxarma dövrünün sonlarında , adətən 11-13 yaşlarında , ağıl dişləri isə ümumiyyətlə 17-18 yaşından sonra çıxır. Amma 6cı dişlər hələ ilk süd dişləri laxlayıb düşməmişdən qabaq bütün süd dişlərinin arxasından çıxır. 6cı dişin çıxma vaxtı uşaqlarda 5-7 yaşlarına düşdüyünə görə valideynlər yalnış olaraq onları da süd dişi hesab edirlər. Zamanla kariesi yaranan süd dişlərinin onsuz da düşəcəyini fikirləşən valideyn ( kökündən səhv düşüncədir ) 6cı dişi də süd dişi bilib qırılıb töküləcəyini gözləyir. Nəticədə valideyn uşağı diş həkiminə gətirəndə artıq 6cı dişlər çox dağılmış vəziyyətdə olur. Bəzən həkim səhvindən, bəzən valideynin təkidilə, bəzən də artıq dişi xilas etmək mümkün olmadığından həmin 6cı dişlər çox erkən yaşlarda çəkilməli olur. Nəticədə çənə sümüyü düzgün inkişaf etmir, diş sırası pozulur və hətta uşaqların üz quruluşunda a simmetriya yaranır.
Uşaqlarda süd dişlərinin çıxması 5-6 aylığından başlayır və adətən 3 yaşına kimi bütün süd dişləri çıxıb qurtarır. Təxminən 6 yaşından 12 yaşına kimi həm süd dişləri daimi dişlərlə əvəzlənir, həm də dediyimiz kimi arxa azı dişləri çıxır. Göründüyü kimi süd dişləri 1 həftənin içində deyil, illərlə həm də bəlli ardıcıllıqla dəyişilir. Ona görə də karieslə zədələnmiş süd dişlərinin qısa zamanda töküləcəyini gözləmək olmaz. Vaxtında süd dişlərinin də karieslə zədələnməsini önləmək, əgər artıq zədələnibsə, vaxtında bərpa etmək, mümkün qədər ömrünü uzatmaq çox vacibdir. Çünki,
Süd dişləri uşaqlarda nitqin, tələffüzün inkişafında rol oynayır,
Süd dişləri ilə uşaqlar qidanı normal xırdalaya, çeynəyə bilir ki, bu da uşaq orqanizminin ümumi inkişafına kömək edir,
Süd dişləri çənənin böyüməsinə kömək edir,
Süd dişləri gələcək daimi dişlər üçün yer saxlayır.
Fərqli səbəblərdən süd dişlərini erkən itirmiş uşaqlarda birdən birə bütün yuxarıda sadaladığımız problemlər yaranır. Ona görə uşaqlarda mütəmadi müayinələri, süd dişlərini vaxtında müalicə etdirməyi lazımsız bilməyin.
Süd dişlərini daimi dişlərdən fərqləndirən bir neçə özəllik var. Əvvəla süd dişlərinin minası daimi dişlərə nisbətən nazik və yumuşaq olur. Bu səbəbdən süd dişləri kariesə qarşı çox davamsızdırlar. Digər tərəfdən süd dişlərinin kökləri daimi dişlərdəki kimi stabil uzunluğa sahib deyil. Dişlər çıxdıqdan sonrakı 2-3 il ərzində kökləri tam formalaşır, tam formalaşdıqdan qısa müddət sonra da daimi dişlər altdan çıxdığına görə süd dişlərinin kökləri yenidən sorulmağa başlayır. Ona görə onlarda kanal müalicəsi də daimi dişlərdəkindən fərqli üsulla aparılır.
Uşaqlarda ağız gigiyenası ilk süd dişləri çıxan gündən başlayır. İlk aylarda valideynlər barmaqlarına kiçik rezin fırçalar keçirdərək körpənin dişlərini sadəcə mexaniki təmizləyirlər. Daha sonra uşaqlara rezin fırçalar da verilir ki, erkən yaşlarından fırçaya öyrəşsinlər, baxmayaraq ki o yaşda uşaqlar fırçanı sadəcə çeynəyib zay eləməklə məşğul olurlar. Biraz da böyüyüb 3 yaşına çatan uşaqlarda artıq diş pastasından istifadə etmək olar. Ondan tez ona görə olmaz ki, 3 yaşına qədər uşaqlarda udma və tüpürmə refleksləri tam formalaşmamış olur və körpə uşaq tərkibində fluor olan pastanı sadəcə udur. Bu da əlbəttə arzuolunmaz haldır. Uşaq pastalarının tərkibindəki fluor yaşına uyğun olaraq artırılır. 3-6 yaşlarında olan uşaqlar üçün 500 ppm, 6-12 yaşlar üçün 1000 ppm fluorid tərkibli diş pastaları məsləhət görülür.
Diqqət !!!
10 yaşına qədər uşaqlarda əlin dəqiqliyi böyüklərdəki kimi olmadığına görə, uşaqlar dişlərini yaxşı fırçalaya bilmirlər. Nəticədə yığılıb qalan ərp erkən kariesə səbəb olur. Ona görə də o vaxta qədər valideynlər uşaqlarının diş fırçalamasına kömək etməlidirlər. Uşağın fərdi inkişafından asılı olaraq dişlərin fırçalanması 4-5 yaşa qədər yalnız valideynlər tərfindən həyata keçirilməlidir. Daha sonra səhərlər uşaq özü, axşamlar valideynlərdən biri fırçalaya bilər.
Yuxarıda sadalanan səbəblərdən uşaqların həm süd dişləri, həm də yenicə çıxmış daimi dişləri kariesə qarşı çox həssas olurlar. Hətta az miqdarda ərp uşaq dişlərinin qısa zamanda çürüyüb dağılmasına gətirib çıxardır. Ona görə də evdəki ağız gigiyenasından əlavə uşaqlarda həm də professional gigiyena həyata keçirilir. Uşaqlarda professional gigiyenanın da özəllikləri var. Böyüklərdən fərqli olaraq uşaqlarda professional ağız gigiyenası diş ərpinin və daşlarının təmizlənməsi ilə yekunlaşmır. Təmizləmə işindən sonra bütün dişlərə xüsusi fluorid gellər sürtülür ki, bu prosedur hələ zəif olan uşaq dişlərini möhkəmləndirir. Həmçinin arxa dişlər xüsusi axıcı plomblarla kariesə qarşı möhürlənir. Arxa dişlərdə fissur möhürlənməsi barədə daha ətraflı profilaktika bölməsində.